16.12.11

Hollandiyada keşişlər 20 minə yaxın uşağı zorlamaqda ittiham olunurlar.


Hollandiyada müstəqil komissiyanın apardığı tədqiqat və araşdırmalar nəticəsində ölkədəki katolik kilsələr və din qurumlarında minlərlə uşağın cinsi təcavüzə məruz qaldığı üzə çıxıb.


Milli.Az xəbər portalı "DutchNews"a istinadən bildirir ki, sabiq nazir Vim Ditmanın ötən il yaratdığı komissiyanın üzvləri araşdırmalar zamanı hətta 1945-ci ildəki təcavüz faktlarını da təhqiq ediblər.

Hollandiyadakı katolik məktəblər, uşaq evləri, kilsələrin nəzdindəki məktəblərdəki uşaqlardan cinsi zəmində təcavüzlə bağlı 1800 şikayət alındığı vurğulanır.
Katolik keşişlərin zorladıqları uşaqların sayının isə 10-20 min arasında olduğu bildirilir.

Komissiya sədri Ditmanın bu gün keçirdiyi mətbuat konfransında təqdim etdiyi 1100 səhifəlik hesabatda Roma-Katolik Kilsəsinin Hollandiyadakı təmsilçilərinin 1945-ci ildən bəri törətdikləri əxlaqsız və azğın cinayətlərindən bəhs olunur.

"Apardığımız araşdırmalar göstərir ki, Hollandiyada hər 10 uşaqdan biri katolik keşişlərin təcavüzünə məruz qalıb. Yeniyetmələr arasında isə bu rəqəm 20 faizdir", -  Hollandiya Xristian-Demokratik Partiyasının sabiq sədri Vim Ditman deyib.
Hesabatı inkar etməyən katolik yepiskoplar Hollandiya xalqından üzr istəyiblər.

Xatırladaq ki, bu ilin əvvəlində İrlandiyada katolik keşişlərin təcavüzünə məruz qalmış yüzlərlə uşaqla bağlı faktlar açıqlanmış, Roma Katolik kilsəsinin rəhbəri, Papa XVI Benedikt üzr istəmək məcburiyyətində qalmışdı.

No comments:

Post a Comment